“Tramp marşrutu” üçün tarix bəlli oldu
Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan bildirib ki, “Tramp marşrutu” (TRIPP) layihəsi üzrə tikinti işlərinə 2027-ci ilin əvvəlində start verilə bilər. Səfir bu barədə ABŞ-ın Semafor portalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, 2026-cı ilin sonunadək layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması gözlənilir. Bundan sonra TRIPP-in Ermənistan ərazisindən keçən hissəsində tikinti işlərinə başlanması planlaşdırılır.
TRIPP Ermənistan ərazisində Azərbaycanla Naxçıvan arasında multimodal nəqliyyat bağlantısının yaradılmasını, həmçinin dəmir yolu, avtomobil yolu, enerji, neft-qaz və fiber-optik infrastrukturu əhatə edə biləcək layihə kimi nəzərdə tutulur.
Maraqlı məqam isə budur: İrəvan layihəyə böyük əhəmiyyət versə də, Mkrtçyanın sözlərinə görə, Ermənistan eyni zamanda Rusiya və İranla əlaqələrini qorumağa çalışır.
Qeyd edək ki, Ermənistan və ABŞ arasında TRIPP üzrə çərçivə sazişi də imzalanıb. Sənədə əsasən, layihəni həyata keçirəcək birgə şirkətdə ABŞ-ın 74%, Ermənistanın isə 26% paya sahib olması nəzərdə tutulur.
