ABŞ-dan Türkiyəyə İranla bağlı yeni sanksiya: bank və iki törəmə şirkət hədəfdə
ABŞ Maliyyə Nazirliyi İranla əlaqələrə görə Türkiyədə fəaliyyət göstərən üç hüquqi şəxsi sanksiya siyahısına daxil edib.
Sanksiyalara Türkiyənin Golden Global Yatirim Bankasi Anonim Sirketi investisiya bankı və onun iki törəmə şirkəti — Golden Global Portfoy Yonetimi Anonim Sirketi və Golden Global Varlik Kiralama Anonim Sirketi məruz qalıb.
ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, qərar Vaşinqtonun “Economic Outcast” (“İqtisadi təcrid”) əməliyyatı çərçivəsində qəbul edilib. ABŞ tərəfi bu qurumları İranın maliyyə sisteminə çıxışını təmin etməkdə və İranın neft gəlirlərinin köçürülməsinə yardım göstərməkdə ittiham edir.
Vaşinqtonun iddiasına əsasən, bank İran İnqilab Keşikçiləri Korpusuna bağlı maliyyə əməliyyatlarında iştirak edib və İran rejiminə beynəlxalq bank sisteminə çıxış verib.
ABŞ-ın İranla əməkdaşlıq edən üçüncü ölkələrdəki maliyyə qurumlarına təzyiqi də genişlənir.
