Paşinyan MDB sammitində iştirakını təsdiqlədi – Putin də Aşqabadda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 9-da Türkmənistanın “Avaza” Milli Turizm Zonasında keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcəyini təsdiqləyib.
Bu barədə Türkmənistanın dövlət televiziyasının “Vətən” informasiya proqramı məlumat yayıb.
Məlumata görə, Paşinyanın iştirakı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla telefon danışığı zamanı dəqiqləşib. Türkmənistan lideri söhbət zamanı MDB-yə sədrliyi çərçivəsində dövlət başçılarının sammitinin oktyabrın 9-da “Avaza”da keçiriləcəyini bildirib.
Paşinyana sammitdə iştirak etmək üçün dəvət göndərilib. Ermənistanın Baş naziri dəvətə görə təşəkkür edərək, Türkmənistanın regionda dayanıqlı inkişafın möhkəmləndirilməsinə yönəlmiş xarici siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəkləndiyini vurğulayıb.
Paşinyan həmçinin Ermənistanın sammitdə aktiv iştirak edəcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin Rusiya Prezidenti Vladimir Putinin də qarşıdakı sammitdə iştirak edəcəyini açıqlamışdı.