Aİ ölkələri rusiyalılar üçün vizaların kəskin məhdudlaşdırılmasına qarşı çıxır

Avropa İttifaqının turizm ölkələri Avropa Komissiyasının Rusiya vətəndaşlarına vizaların böyük hissəsinin verilməsinin qadağan edilməsi planının həyata keçirilməsini istəmir. Buna səbəb bəzi ölkələrin Baltikyanı dövlətlərin və Finlandiyanın sərhədyanı bölgələrinin təcrübəsinin öz iqtisadiyyatlarına tətbiq olunmasını istəməməsidir.
Bu barədə Brüsseldəki diplomatik mənbə Avropa Komissiyasının rusiyalılar üçün viza verilməsinə geniş məhdudiyyətlər tətbiq etmək planının reallaşdırılmasındakı çətinlikləri şərh edərkən TASS-a bildirib.
Diplomatın sözlərinə görə, Baltikyanı ölkələrin və Finlandiyanın Rusiya ilə əlaqələrin kəsilməsi nəticəsində ciddi iqtisadi itkilərlə üzləşən sərhədyanı bölgələrinin təcrübəsi Avropada yaxşı məlumdur. Onun iddiasına görə, bu bölgələr hazırda Aİ büdcəsindən maliyyələşmə istəyirlər.
Mənbə əlavə edib ki, turizm sektoru inkişaf etmiş ölkələr öz iqtisadiyyatları üçün belə bir təcrübəni təkrarlamaq niyyətində deyillər.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropada baş verdiyi iddia olunan “hibrid hücumlardan” sonra Avropa İttifaqının Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi prosesini sərtləşdirməli olduğunu bildirmişdi.