Cey Di Vens İranda toy mərasiminə endirilən hava zərbəsini araşdırdıqlarını bildirib
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Amerika hakimiyyəti İranda toy mərasiminə endirildiyi iddia olunan hava zərbəsi ilə bağlı məlumatları ətraflı şəkildə araşdırır. Bu barədə TASS məlumat yayıb.
“Biz bu insidentlə bağlı tam araşdırma aparırıq”, — deyə Vens Ağ Evdə keçirdiyi mətbuat konfransında baş verənlərlə bağlı xəbərləri şərh edərkən bildirib.
Bununla yanaşı, siyasətçi İran tərəfinin təqdim etdiyi məlumatların etibarlılığına şübhə etdiyini qeyd edib.
“Mən bu məlumatlara son dərəcə skeptik yanaşıram”, — deyə o əlavə edib.
ABŞ administrasiyasının nümayəndəsi vurğulayıb ki, Birləşmiş Ştatlar bu cür hadisələrə ciddi diqqət yetirir. Vens ABŞ hərbçilərinin mülki obyektlərə qəsdən zərbə endirməsi ehtimalını qəti şəkildə rədd edib.
Onun sözlərinə görə, bu cür hərəkətlər ABŞ-ın prinsiplərinə ziddir. Bununla belə, vitse-prezident münaqişələr zamanı “hər şeyin baş verə biləcəyini” də etiraf edib.
