İsrail Qəzza sakinlərini köçürməyə hazırdır: ABŞ-dan “yaşıl işıq” gözlənilir

İsrail ABŞ-ın razılıq verməsi halında Qəzza zolağının fələstinli sakinlərinin ərazidən çıxarılması üçün hazırladığı planı həyata keçirməyə hazırdır.
İsrailin müdafiə naziri İsrael Kats bu barədə Ynet və “Yedioth Ahronoth” tərəfindən təşkil olunan konfransda danışıb. O bildirib ki, İsrail hökuməti sakinlərin dəniz, hava və digər vasitələrlə köçürülməsinə hazır vəziyyətdədir.
Katsın sözlərinə görə, Qəzza üçün “real həll” əhalinin köçürülməsi olmadan mümkün deyil. O, ABŞ Prezidenti Donald Trampın daha əvvəl səsləndirdiyi köçürülmə ideyasından imtina etmədiyini, sadəcə planın müvəqqəti olaraq dayandırıldığını iddia edib.
İsrail müdafiə naziri əlavə edib ki, planın həyata keçirilməsi üçün Vaşinqtonun razılığı vacibdir. Onun sözlərinə görə, HƏMAS-ın Qəzza ilə bağlı razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi qənaətinə gəlinərsə, İsrail hərbi və ərazi baxımından irəliləmək üçün ABŞ-dan dəstək gözləyəcək.
Tramp 2025-ci ildə Qəzzanın təxminən 2 milyon sakininin ərazidən köçürülməsi ideyasını irəli sürmüş, lakin beynəlxalq və regional etirazlardan sonra bu planı geri plana keçirmişdi. Hazırda ABŞ tərəfi Katsın son açıqlamalarına dair mövqeyini açıqlamayıb