Tramp Putinlə görüşə hazırdır: əsas şərt Ukraynada sülh razılaşmasıdır
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yeni görüş keçirməyə hazır olduğunu bildirib. O, sammitin Ukraynada sülh sazişi üzrə razılığın əldə olunmasına hazır olduqları vaxt keçirilməsini istədiyini deyib.
Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ liderinin sözlərinə görə, Rusiya-ABŞ sammitinin keçirilməsi yaxın perspektivdə mümkündür. Lakin bunun üçün əsas şərt Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində sülh razılaşmasına hazır vəziyyətə gəlməkdir.
“Biz sülh sazişi bağlamağa hazır olanda bunu etmək istəyirəm”, – Tramp bildirib.
O, belə bir görüşü dərhal keçirməyin mümkün olduğunu, lakin görüşün münaqişənin sona yaxınlaşdığı mərhələdə keçirilməsini istədiyini vurğulayıb.
Tramp əlavə edib ki, münaqişənin başa çatacağına inanır.
Qeyd edək ki, hazırda Rusiya və Ukrayna arasında müharibənin dayandırılması üzrə diplomatik səylər davam edir, lakin tərəflər arasında əsas məsələlər üzrə ciddi fikir ayrılıqları qalır.
