Rusiya XİN: Baltik dənizi NATO-nun səyləri ilə hərbi qarşıdurma zonasına çevrilib
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Baltik dənizində vəziyyətin son illərdə ciddi şəkildə gərginləşdiyini bildirib.
Qruşkonun sözlərinə görə, Baltik dənizi hazırda yalnız hərbi rəqabət deyil, həm də qarşıdurma zonasına çevrilib. O, bölgədə gözlənilməz hərbi insidentlərin baş verməsi və vəziyyətin daha da eskalasiya etməsi riskinin yüksək olduğunu vurğulayıb.
Diplomat hesab edir ki, belə vəziyyət Qərbin son bir neçə ildə həyata keçirdiyi siyasət nəticəsində formalaşıb. Onun sözlərinə görə, əvvəllər Baltik regionu hərbi baxımdan Avropanın ən sakit bölgələrindən biri hesab olunurdu.
Bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Baltik regionunda eskalasiya baş verəcəyi təqdirdə Rusiyanın “qəti və dağıdıcı” cavab verəcəyini açıqlamışdı.
Qeyd edək ki, İsveçdə sentyabrın 13-də keçiriləcək parlament seçkiləri ərəfəsində hakim Mülayim Koalisiya Partiyası qalib gələcəyi təqdirdə Baltikyanı və Skandinaviya ölkələri ilə birgə hava hücumundan müdafiə sistemi qurmağı planlaşdırdığını açıqlayıb.
