Tramp: Ukrayna münaqişəsinin həlli üçün münasib vaxt tezliklə yetişə bilər
ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin həlli üçün münasib zamanın yaxın vaxtlarda yarana biləcəyini bildirib.
Tramp bu barədə jurnalistlərə Ağ Evdə açıqlama verib.
ABŞ Prezidenti qeyd edib ki, son dövrlərdə münaqişənin tərəfləri “yeni enerji ilə hərəkət edir”. O, həm Rusiya, həm də Ukrayna tərəfi ilə əlaqə saxladığını vurğulayıb.
“Mən hər iki tərəflə əlaqə saxlayıram. Düşünürəm ki, nəticədə onlar bunu dayandıracaqlar”, – Tramp deyib.
Bundan əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa Rusiya, ABŞ və Ukrayna prezidentləri – Vladimir Putin, Donald Tramp və Vladimir Zelenski arasında üçtərəfli görüşün yalnız danışıqların perspektivli və aydın nəticələr verəcəyinə dair razılaşma əldə olunacağı təqdirdə keçirilə biləcəyini bildirmişdi.
Çepanın sözlərinə görə, “görüş xatirinə görüş” baş tutmayacaq. O, eyni zamanda Ukrayna və Qərbin hazırda hər hansı şərt və vəzifələri müzakirə etməyə hazır olub-olmadığına şübhə etdiyini bildirib.
Deputat üçtərəfli danışıqların keçirilməsi ehtimalını tamamilə istisna etməyib. Onun sözlərinə görə, əsas məsələ görüşə qədər tərəflərin hər hansı məsələlər üzrə razılığa gələ bilib-bilməyəcəyidir.
