İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
İran sentyabrın 2-nə keçən gecə ABŞ-ın Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücumlar həyata keçirib. Hücumların Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərini, həmçinin İraq Kürdüstanındakı bazaları əhatə etdiyi bildirilir.
İran Silahlı Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, İran ordusunun onlarla pilotsuz uçuş aparatı (PUA) BƏƏ-də yerləşən Əd-Dəfra və Əl-Minhad aviabazalarındakı radar sistemlərini və ABŞ hərbçilərinin yerləşdiyi əraziləri hədəfə alıb.
Bəhreyndə isə ABŞ-ın Şeyx İsa aviabazasındakı radar obyektlərinə və ABŞ ordusunun qüvvələrinin toplanması mərkəzinə PUA-larla kütləvi zərbələr endirildiyi açıqlanıb.
Hücumlarla bağlı məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da yayıb.
SEPAH-ın məlumatına əsasən, Küveytdə yerləşən Əli əs-Salim aviabazası da İranın hücumlarının hədəfi olub. Bundan əlavə, İraq Kürdüstanının Ərbil bölgəsindəki ABŞ hərbi bazalarına zərbələr endirildiyi bildirilib.
SEPAH bəyan edib ki, Ərbildə ABŞ bazalarına raket və PUA-lardan istifadə etməklə həyata keçirilən kombinə edilmiş hücum nəticəsində hərbi texnikanın təmiri mərkəzi və texniki avadanlıq anbarları məhv edilib. Həmçinin ABŞ-a məxsus kəşfiyyat aerostatının idarəetmə sisteminin sıradan çıxarıldığı iddia olunur.
İran tərəfi hücumların nəticələri barədə əlavə məlumat verməyib.
