ABŞ İran tankerlərinə zərbələr endirib – Vaşinqton strategiyasını dəyişir
KİV-in məlumatına görə, ABŞ İranla bağlı strategiyasını dəyişərək ilk dəfə Hörmüz boğazında iki İran tankerinə zərbə endirib və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 100-dən çox strateji obyektini hədəfə alıb.
Bu barədə Axios Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçiləri Hörmüz boğazında iki İran tankerinə hücum edib. Bundan əlavə, SEPAH-a məxsus 100-dən çox obyektə zərbələr endirilib.
Nəşr bildirir ki, ABŞ Prezidenti Donald Trampın təsdiqlədiyi yeni taktika “tankerə qarşı tanker” prinsipi ilə həyata keçirilir. Yeni strategiya çərçivəsində ABŞ qüvvələrinin Hörmüz boğazında İran gəmilərinə birbaşa zərbələr endirməsi nəzərdə tutulur.
Bu, Vaşinqtonun əvvəlki yanaşmasından fərqlənir. Belə ki, daha əvvəl ABŞ hərbçiləri əsasən İranın dəniz blokadasını pozmasına mane olmağa çalışırdı.
Ağ Ev hesab edir ki, həyata keçirilən hücumlar İranın hərbi fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdıracaq və regionda kommersiya gəmilərinin təhlükəsizliyini ən azı bir ay ərzində təmin etməyə imkan verəcək.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da əməliyyatın uğurla başa çatdığını açıqlayıb. Komandanlığın məlumatına görə, ABŞ qüvvələri SEPAH-ın infrastrukturuna aid 100-ə yaxın obyekti məhv edib.
Hədəflər arasında radar sistemləri, hava hücumundan müdafiə bazaları, dəniz infrastrukturu və rabitə qovşaqlarının olduğu bildirilir.
