ABŞ səfirliyi İsraildəki vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-ın İsraildəki səfirliyi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və mümkün eskalasiya riski ilə əlaqədar ölkədəki Amerika vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.
Səfirliyin yaydığı müraciətdə qeyd olunub ki, Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və gözlənilməz eskalasiya ehtimalı mövcuddur.
ABŞ vətəndaşlarına bölgədə olarkən yüksək diqqətli olmaları, həmçinin mümkün aviareyslərin ləğvi və hava əlaqəsində yaranacaq fasilələrə hazır olmaları tövsiyə edilib.
Səfirlik amerikalılara əvvəlcədən ən yaxın sığınacaq və ya mühafizə olunan məkanın yerini müəyyənləşdirməyi də məsləhət görüb.
Bundan əlavə, İsraildə olan ABŞ vətəndaşlarına raket hücumları və pilotsuz uçuş aparatlarının hücumları barədə operativ məlumat əldə etmək üçün İsrail Daxili Cəbhə Komandanlığının mobil tətbiqini yükləmək tövsiyə olunub.
Səfirlik eyni zamanda bildirib ki, ABŞ-ın Qüdsdəki səfirliyi və Təl-Əvivdəki bölməsi fəaliyyətini normal rejimdə davam etdirir və vətəndaşlara konsulluq xidmətlərini tam həcmdə göstərir.
