Rusiya və Türkiyə Qəzzada təcili atəşkəsə çağırdı
Rusiya və Türkiyə Qəzza zolağında mümkün qədər tez atəşkəsə nail olunmasının və bölgədə təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın xarici işlər nazirinin müavini Georgi Borisenko ilə Türkiyə xarici işlər nazirinin müavini Musa Kulaklıkaya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı siyasi məsləhətləşmələr keçirilib.
Görüş zamanı tərəflər Fələstin probleminin beynəlxalq hüququn qəbul edilmiş prinsipləri əsasında kompleks şəkildə həllinin vacibliyini təsdiqləyiblər. Moskva və Ankara müstəqil, ərazi bütövlüyü qorunan və həyat qabiliyyətli Fələstin dövlətinin yaradılmasını dəstəklədiklərini bildiriblər.
Tərəflər həmçinin İordan çayının qərb sahilində vəziyyətin normallaşdırılmasının zəruriliyinə diqqət çəkiblər.
Rusiya və Türkiyə İsrailin Qəzza ilə bağlı qanunsuz məskunlaşdırma fəaliyyətinin dayandırılmasının vacibliyini də vurğulayıblar.
Görüşdə Yaxın Şərq gündəliyinin digər məsələləri, o cümlədən İraq, Suriya və Livandakı vəziyyət, həmçinin Sudan və Liviyadakı proseslər də müzakirə olunub. Tərəflər regiondakı böhranların beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd ediblər.
