Uşakov: Putin, Si Cinpin və Trampın APEC sammitində üçtərəfli görüşü mümkündür
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya, Çin və ABŞ liderlərinin APEC sammiti çərçivəsində üçtərəfli görüş keçirə biləcəyini istisna etməyib.
Uşakovun sözlərinə görə, Çin sədri Si Cinpin sammit zamanı həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşün təşkil olunması imkanını gündəmə gətirib. Rusiya tərəfi həmçinin liderlərin ayrı-ayrılıqda görüşlərinin keçirilməsini də mümkün variant kimi nəzərdən keçirir.
“Əgər hər şey alınsa, üçlük formatında görüş təşkil etmək mümkün olacaq. Ən azı, hər biri ilə mütləq görüşmək lazımdır”, – Uşakov bildirib.
APEC sammitinin 18–19 noyabr 2026-cı ildə Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılır. Vladimir Putinin sammitdə iştirakı nəzərdə tutulur.
Üç ölkə liderinin mümkün görüşü baş tutarsa, bu, Rusiya-ABŞ münasibətləri, Moskva-Pekin əməkdaşlığı və qlobal gündəmlə bağlı məsələlərin müzakirəsi baxımından mühüm diplomatik təmaslardan biri ola bilər.
