İranda Puya Bəxtiyarinin atası yeni həbs cəzasına məhkum edilib
İranda 2019-cu il etirazları zamanı öldürülən Puya Bəxtiyarinin atası Məniçöhr Bəxtiyari yeni ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilib.
HRANA-nın məlumatına görə, hazırda Bəndər-Abbas həbsxanasında saxlanılan Bəxtiyari barəsində məhkəmə tərəfindən ümumilikdə 10 il həbs cəzası çıxarılıb. Qərar ona sentyabrın 1-də şifahi şəkildə bildirilib.
Bəxtiyari “rejimə qarşı təbliğat fəaliyyəti aparmaq”, “milli təhlükəsizliyi pozmaq və ictimai iğtişaş yaratmaq məqsədilə insanları müharibəyə və öldürməyə təhrik etmək”, həmçinin “milli təhlükəsizliyə zidd şəkildə xaricdə yerləşən onlayn şəbəkələrə video göndərmək”də təqsirləndirilib.
Məhkəmə bu ittihamlardan birinci üzrə 1 il, ikinci üzrə 4 il, üçüncü üzrə isə 5 il həbs cəzası təyin edib.
İş üzrə məhkəmə iclasları bu ilin 3 və 15 iyun tarixlərində Bəndər-Abbas İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib. İş Bəndər-Abbas prokurorunun Bəxtiyari barəsində verdiyi şikayət əsasında başlanıb.
Məniçöhr Bəxtiyari daha əvvəl də İran hakimiyyəti tərəfindən müxtəlif ittihamlarla təqib olunub. O, 2021-ci ilin aprelində Tehrandakı evində həbs edilib və nəticədə 3 il 6 ay həbs, 2 il 6 ay sürgün və 2 il ölkədən çıxış qadağasına məhkum olunub. Dörd ildən artıq həbsdə qaldıqdan sonra 2025-ci ilin oktyabrında Qəzvin şəhərindəki Çubinər həbsxanasından azad edilib və sürgün cəzasını çəkmək üçün Bəndər-Abbasa göndərilib.
Bəxtiyariyə qarşı həbsdə olduğu müddətdə başqa cinayət işləri də açılıb. Onlardan birində 6 ay, digər iş üzrə isə 18 il həbs və 74 şallaq cəzası verilib. Sonuncu hökm apellyasiya instansiyasında ləğv edilərək iş yenidən baxılması üçün İnqilab Məhkəməsinə qaytarılıb.
Məniçöhr Bəxtiyari 2019-cu ildə İranda keçirilən etiraz aksiyaları zamanı öldürülən 27 yaşlı oğlu Puya Bəxtiyari ilə bağlı açıqlamaları ilə də tanınır. O, oğlunun 2019-cu il noyabrın 16-da Kərəcin Mehrşəhr rayonunda etiraz aksiyası zamanı başından güllə yarası alaraq öldürüldüyünü bildirib.
Qeyd: Məlumat HRANA-nın yaydığı xəbərə əsaslanır.
