Çexiya kəşfiyyatı polyaklarla çexlər arasında nifaq yaratmağa yönəlmiş dezinformasiya kampaniyasını araşdıra bilməyib
Çexiyanın Baş naziri Andrey Babiş ölkənin xarici kəşfiyyat xidmətinin polyaklarla çexlər arasında düşmənçilik yaratmağa yönəlmiş dezinformasiya kampaniyasının araşdırılmasında uğursuzluğa düçar olduğunu bildirib.
Babiş etiraf edib ki, bu barədə məlumatı daha əvvəl almalı idi.
Dezinformasiya kampaniyası çərçivəsində Polşanın Çexiyanın ərazisinin bir hissəsini ilhaq etmək niyyətində olduğu barədə saxta məlumatlar yayılıb.
Avqustun 16-da Polşanın Bıdqoş şəhərində yerləşən Radio PiK radiostansiyasının saytına haker hücumu edilib. Saytda Polşanın Çexiya ərazisinin bir hissəsini işğal etməyi planlaşdırdığı barədə saxta məqalə yerləşdirilib. Məlumata görə, hakerlər əməkdaşlardan birinin parolunu əldə etməklə sayta giriş əldə ediblər.
Bundan başqa, Facebook platformasında özünü Polşadakı Çexiya səfiri kimi təqdim edən hesab yaradılıb və Polşanın Çexiya torpaqlarının ilhaqını tələb etdiyi barədə saxta sənədlər yayımlanıb.
Çexiyanın Baş naziri bu hadisəni ölkənin kəşfiyyat xidmətinin fəaliyyətində ciddi çatışmazlıq kimi qiymətləndirib. Onun sözlərinə görə, belə məlumatlar hökumətə daha əvvəl təqdim edilməli idi.
Hadisə Avropada dezinformasiya və kiberhücumların dövlətlərarası münasibətlərə təsiri ilə bağlı narahatlıqların artdığı bir dövrdə baş verib.
