Aİ ölkələri xarici siyasətdə veto mexanizmini dəyişdirmək istəyir
Avropa İttifaqına üzv səkkiz ölkə, o cümlədən Almaniya və Fransa xarici siyasət sahəsində qərarların qəbulunda yekdillik prinsipinin dəyişdirilməsini təklif edir.
Bloomberg-in məlumatına görə, təşəbbüs qeyri-rəsmi xarici işlər və müdafiə nazirləri görüşləri ərəfəsində Aİ ölkələri arasında yayılan sənəddə əksini tapıb.
Təklifə əsasən, üzv dövlətlərin hansısa qərarla razılaşmaması mümkün olacaq, lakin bu, həmin qərara veto qoymağa imkan verməyəcək. Bunun üçün “konstruktiv bitərəflik” mexanizminin tətbiqi nəzərdə tutulur.
Sənəddə bildirilir ki, Aİ-nin xarici siyasətlə bağlı bir sıra qərarlarının yalnız bütün üzv ölkələrin razılığı ilə qəbul edilməsi təşəbbüslərin bloklanmasına səbəb olur. Bu vəziyyət, xüsusilə Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalar məsələsində özünü göstərib.
Təşəbbüs müəllifləri dünyadakı vəziyyətin artan qeyri-sabitlik və strateji rəqabət səbəbindən fundamental şəkildə dəyişdiyini qeyd edərək, Aİ-nin kollektiv siyasi, iqtisadi və diplomatik imkanlarını daha sürətli səfərbər etməli olduğunu düşünürlər.
Bununla belə, ölkələr konsensus prinsipindən tamamilə imtina etməyi deyil, mümkün olduğu qədər razılaşmanın qorunmasını və qərarların qəbulunda maneələrin aradan qaldırılmasını təklif edirlər.
Bu təşəbbüs ötən il də gündəmə gətirilmişdi. Hazırkı müzakirələr isə Aİ-nin diplomatik xidmətinin daha geniş islahatı çərçivəsində yenidən aktuallaşıb.
