ABŞ nüvə müharibəsi ehtimalına qarşı yeni helikopter eskadrilyası yaradıb
ABŞ-da ölkənin ali rəhbərliyinin fövqəladə vəziyyətlərdə təxliyəsini təmin etmək və dövlət idarəçiliyinin fasiləsizliyini qorumaq üçün yeni helikopter eskadrilyası yaradılıb.
Bu barədə Endryus aviabazasının yaydığı press-relizə istinadən RİA Novosti məlumat yayıb.
Məlumata görə, 24-cü Helikopter Eskadrilyası Milli Paytaxt Regionunda dövlət idarəçiliyinin davamlılığının təmin edilməsi üzrə tapşırıqları dəstəkləmək məqsədilə rəsmi olaraq formalaşdırılıb.
Yeni bölmə müasir HH-60W Jolly Green II helikopterlərindən istifadə edəcək. Bu helikopterlər fövqəladə vəziyyətlər zamanı dövlət rəhbərliyinin təhlükəsizliyinin və idarəetmənin davamlılığının təmin edilməsi üçün istifadə olunan köhnə UH-1N Huey modellərini əvəz edəcək.
Məlumatda eskadrilyanın konkret olaraq nüvə müharibəsi zamanı təxliyə üçün yaradıldığı qeyd olunmasa da, bölmənin əsas vəzifəsi fövqəladə hallarda dövlət idarəçiliyinin fasiləsizliyini təmin etməkdir.
Qeyd edək ki, daha əvvəl Missuri Universitetinin professoru Maykl Hadson ABŞ hərbçilərinin Prezident Donald Trampın nüvə müharibəsinə başlaya biləcəyindən narahat olduqlarını iddia edib. Hadsonun sözlərinə görə, generallar bu səbəbdən prezidentə nüvə silahlarının kodlarını verməkdən imtina edirlər. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib.
