Berlin administrasiyasına kiberhücum: hakerlər pul tələb edib

Berlin administrasiyası dövlət qurumlarının daxili şəbəkəsinə edilən kiberhücumdan sonra hədə-qorxu ilə üzləşib.
Bu barədə “rbb24” portalı Berlinin meri Kay Vegnerə istinadən məlumat yayıb.
Məlumata görə, hakerlər avqustun 27-də, cümə axşamı axşam saatlarında Berlin hakimiyyətinə pul ödənilməsi ilə bağlı tələb göndəriblər. Təcavüzkarların nə qədər vəsait tələb etdiyi açıqlanmayıb. Həmçinin tələbin konkret səbəbi barədə məlumat verilməyib. Bildirilir ki, hakerlər tələblərinin yerinə yetirilməsi üçün qısa müddət müəyyənləşdiriblər.
Berlin Senatının rəqəmsal məsələlər üzrə dövlət katibi Florian Hauer bildirib ki, daxili şəbəkədən məlumat sızması ən azı avqustun 7-dən başlaya bilər. Onun sözlərinə görə, hakerlərin şəxsi məlumatlara çıxış əldə etməsi ehtimal olunur.
Bununla yanaşı, Berlin senatoru İris Şpranqer sentyabrda keçiriləcək seçkilərin təşkili üçün zəruri olan daxili şəbəkənin bir hissəsinin tam qorunduğunu açıqlayıb. O, səsvermə üçün nəzərdə tutulan serverlərdən heç bir məlumatın sızmadığını da bildirib.