Kiyevin sol sahilində partlayış xəbərlərindən sonra elektrik enerjisi kəsilib
Ukraynanın paytaxtı Kiyevin sol sahilinin bir hissəsində elektrik enerjisi kəsilib.
“Strana.ua” nəşrinin yerli icmalara istinadən yaydığı məlumata görə, şəhərdə partlayış baş verdiyi barədə xəbərlər fonunda Kiyevin bəzi ərazilərində işıqlar sönüb.
Bundan əvvəl Kiyev vilayətində baş verən partlayışdan sonra başlayan yanğınla əlaqədar avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb.
Məlumata görə, Kiyev vilayətində güclü partlayış baş verib və daha sonra ərazidə genişmiqyaslı yanğın qeydə alınıb. Hadisənin səbəbləri ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Ukraynanın “İnsayder” Telegram kanalı partlayışdan sonra güclü yanğın başladığını bildirib. “Voyennı informator” kanalı isə hadisənin pilotsuz uçuş aparatının sursat anbarına zərbəsi nəticəsində baş verdiyini iddia edib. Bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
Həmçinin avqustun 28-də Kiyevdə bir neçə partlayışın baş verdiyi və şəhərdə hava hücumu xəbərdarlığının elan olunduğu bildirilib.
Qeyd edək ki, avqustun 27-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi-sənaye kompleksi və limanlarına zərbələr endirdiyi barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik zərbələr zamanı pilotsuz uçuş aparatlarının istehsalı və yığılması sexlərinin, logistika komplekslərinin və metallurgiya müəssisələrinin hədəf alındığını açıqlayıb.
