Tramp: Putin NATO ölkələrinə hücum etməyəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Şimali Atlantika Alyansının (NATO) ərazisinə hücum etmək niyyətində deyil. O, bu fikri avqustun 27-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
“Onunla (Rusiya Prezidenti Vladimir Putinlə – red.) yaxşı danışıqlarım olub. O, NATO ərazisinə hücum etməyəcək”, – deyə Tramp bildirib.
Trampın sözləri son günlər Qərb mediasında Rusiyanın NATO ölkələrindən birinə mümkün hücuma hazırlaşdığı barədə yayılan məlumatların fonunda səslənib. ABŞ Prezidenti bu ehtimalla bağlı narahat olmadığını da bildirib.
Avqustun 27-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “The Wall Street Journal”ın Rusiyanın NATO ölkələrindən birinə müdaxiləyə hazırlaşdığı barədə yazısını şərh edərkən mediada Rusiya və Ukrayna münaqişəsi ilə bağlı çoxsaylı “qorxulu ssenarilərin” yayıldığını bildirib.
Peskov vurğulayıb ki, Moskva qarşıya qoyduğu məqsədlərə üstünlük olaraq sülh yolu ilə nail olmağa çalışır. Onun sözlərinə görə, hazırda bunun üçün imkan olmadığına görə Rusiya Ukrayna ətrafındakı münaqişə çərçivəsində təhlükəsizliyini və maraqlarını təmin etmək məqsədilə hərbi əməliyyatları davam etdirir.