ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Moskvaya səfəri Ukrayna üzrə danışıqları irəlilədə bilər

Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Aleksey Çepa hesab edir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə təkan verə bilər.
Çepa “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, ABŞ tərəfi ilə təmaslarda müəyyən irəliləyiş müşahidə olunur.
“Amerikalılarla təmaslar istiqamətində müəyyən hərəkətlilik var. Görünür, ən azı amerikalıların özlərinin perspektivdə gördüyü bəzi məsələlər üzrə razılaşmalar mövcuddur”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, söhbət böyük ehtimalla Ukraynadakı münaqişənin nizamlanmasından gedir. Çepa hazırda konkret razılaşmalar barədə danışmaq üçün hələ tez olduğunu vurğulayıb. Bununla belə, onun fikrincə, Retkliffin Moskvaya səfəri Ukrayna üzrə danışıqlar prosesini irəli apara bilər.
“Hər şey mümkündür”, – deyə Çepa fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Con Retkliff avqustun 25-də Moskvaya əvvəlcədən elan olunmamış səfər edib. Onun səfəri barədə ilk olaraq CBS News-un müxbiri Cennifer Ceykobs məlumat yayıb. Bu, Retkliffin MKİ direktoru təyin olunmasından sonra Rusiyaya məlum olan ilk səfəri olub.
Axios-un məlumatına görə, Retkliff yanvar ayından etibarən Rusiyaya səfər edən ABŞ prezident administrasiyasının ən yüksək səviyyəli nümayəndəsi olub.
“Politico” isə yazıb ki, Retkliff Moskvaya səfəri zamanı Rusiyanın ABŞ-ın NATO müttəfiqləri ilə münasibətlərində mümkün eskalasiyasını, həmçinin Moskvanın İrana dəstəyinin azaldılması məsələsini müzakirə edib.
Bundan əvvəl Ukrayna Prezident Aparatında Kiyevin Rusiya ilə danışıqlara hazır olduğu bildirilib.