Qalibaf: Tramp administrasiyasının addımları Yaxın Şərqdə genişmiqyaslı sabitsizliyə səbəb ola bilər
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf hesab edir ki, ABŞ administrasiyasının atdığı addımlar Yaxın Şərqdə genişmiqyaslı sabitsizliyə səbəb ola bilər.
Qalibaf bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani ilə görüşündə danışıb.
O bildirib ki, Tramp administrasiyası qeyri-dəqiq məlumatlar əsasında yanlış qərarlar qəbul edir və bununla yalnız ABŞ-ın maliyyə, hərbi və insan resurslarını deyil, həm də regionun gələcəyini təhlükə altına atır.
“Bu yanaşma regionda genişmiqyaslı sabitsizliyin yaranması üçün zəmin yaradır”, – deyə Qalibaf vurğulayıb.
İran parlamentinin sədri əlavə edib ki, İrana qarşı iqtisadi blokada da uğur qazanmayacaq. Onun sözlərinə görə, anlaşma memorandumu çərçivəsində götürülmüş öhdəlikləri yerinə yetirməli olan tərəf ABŞ-dır.
Görüş zamanı regiondakı vəziyyət müzakirə edilib, gərginliyin azaldılmasının vacibliyi vurğulanıb. Həmçinin İran və ABŞ arasında danışıqların bərpası üçün əlverişli şəraitin yaradılması istiqamətində səylər barədə fikir mübadiləsi aparılıb.
Qətərin Baş naziri isə diplomatik səylərin yenidən gücləndirilməsinə çağırıb. O, fikir ayrılıqlarının həlli və gələcək eskalasiyanın qarşısının alınması üçün dialoqun ən yaxşı yol olduğunu bildirib.
