ABŞ-dan İrana qarşı yeni əməliyyat: “İqtisadiyyatını məhv edəcəyik”

ABŞ İranla qarşıdurmada yeni mərhələyə keçdiyini açıqlayıb. Vaşinqtonun budəfəki hədəfi İranın ordusu deyil, ölkə iqtisadiyyatıdır.
Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, ABŞ İran iqtisadiyyatını sıradan çıxarmağa yönəlmiş yeni əməliyyata başlayıb. Onun sözlərinə görə, bu əməliyyat “İqtisadiyyatın kənarlaşdırılması” adlanır.
Livitt ABŞ-ın əvvəlki hərbi əməliyyatı ilə yeni iqtisadi kampaniyanı müqayisə edərək bildirib:
“Biz onların ordusunu məhv etmək üçün “Epik qəzəb” əməliyyatını həyata keçirdik. İndi isə iqtisadiyyatlarını məhv etmək üçün “İqtisadiyyatın kənarlaşdırılması” əməliyyatımız var”.
ABŞ Prezidenti Donald Tramp isə bu həftə elan edilən yeni sanksiyaları İrana qarşı “misli görünməmiş iqtisadi təzyiq” kimi qiymətləndirib.
Vaşinqtonun yeni strategiyası Tehranın maliyyə imkanlarını məhdudlaşdırmaq, iqtisadi əlaqələrinə zərbə vurmaq və ölkəyə qarşı təzyiqi maksimum həddə çatdırmaq məqsədi daşıyır.
İran tərəfi isə ABŞ-ın bu addımına hazır olduğunu bildirir. Tehranda qeyd edirlər ki, ölkə uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərir və yeni iqtisadi təzyiq ssenarisinə hazırlıq görüb.
Beləliklə, ABŞ-İran qarşıdurması hərbi meydandan sonra iqtisadi cəbhədə də yeni və daha sərt mərhələyə daxil olur.