ABŞ axtarışda olan venesuelalı biznesmenə viza verdi – o, indi Vaşinqtonun Karakasla əsas vasitəçisidir
ABŞ hakimiyyəti İsveçrənin axtarışa verdiyi venesuelalı iş adamı Alejandro Betankura çoxgirişli viza təqdim edib. Bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
46 yaşlı biznesmenin hazırda Böyük Britaniyada yaşadığı bildirilir. İsveçrə tərəfinin onun həbsi ilə bağlı ABŞ Ədliyyə Nazirliyinə müraciət etdiyi qeyd olunur. Lakin Vaşinqton Betankurdan başqa məqsədlə – Venesuela hökuməti ilə dialoqun qurulmasında vasitəçi kimi istifadə etməyə başlayıb.
Məlumata görə, bununla ABŞ hakimiyyəti İsveçrənin həbs tələbinə əməl etməməklə yanaşı, biznesmenə ölkəyə sərbəst şəkildə daxil olmaq imkanı da yaradıb.
Betankur son on il ərzində Avropada korrupsiya və qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı araşdırmaların mərkəzində olub. 2025-ci ildə Britaniya hüquq-mühafizə orqanları onu iki dəfə saxlayıb. İlk dəfə İspaniyanın, daha sonra isə İsveçrənin sorğusu əsasında tutulub. Həmin müddətdə biznesmenin Böyük Britaniyanı tərk etməsinə qadağa qoyulmuşdu.
Nəşrin məlumatına görə, yanvarın 3-də ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu saxlamasından sonra Vaşinqton İsveçrədən Betankura qarşı təqibin dayandırılmasını tələb etməyə başlayıb.
Hazırda biznesmen ABŞ ilə Venesuelanın Delcy Rodrigesin rəhbərlik etdiyi hökuməti arasında danışıqlarda əsas vasitəçilərdən biri kimi çıxış edir.
Betankurun şirkətinin Venesuelada özəl şirkətlər arasında neft hasilatının həcminə görə ikinci yerdə olduğu bildirilir.
Beləliklə, Avropada hüquqi təqiblə üzləşən biznesmenin Vaşinqton tərəfindən diplomatik kanallarda istifadə olunan əsas vasitəçiyə çevrilməsi beynəlxalq siyasətdə maraqlı suallar doğurur.
