İranda yanvar etirazlarının iştirakçısı 6 il həbs cəzasına məhkum edildi

İranda 2026-cı ilin yanvarında keçirilən etiraz aksiyalarında saxlanılan Mehdi Saver-Olia 6 il müddətinə azadlıqdan məhrum edilib.
HRANA-nın – İranda İnsan Hüquqları Fəallarının Xəbər Agentliyinin məlumatına görə, Karac İnqilab Məhkəməsinin 2-ci şöbəsi Mehdi Saver-Olianı “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il, “milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə isə 5 il həbs cəzasına məhkum edib.
Məhkəmə əlavə cəza olaraq onun 2 il müddətinə ölkədən çıxışını, sosial qruplara və təşkilatlara üzvlüyünü qadağan edib. Həmçinin bu müddət ərzində onun dövlət və ictimai sektorda çalışmasına qadağa qoyulub və həmin sahələrdəki vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edilib.
İran İslam Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, təyin olunan həbs cəzalarından ən ağır olanı – 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası icra olunacaq.
Məlumata görə, Saver-Olia ilə bağlı ittihamlar üzrə məhkəmə iclası bu ilin iyul ayında keçirilib.
O, 7 yanvar 2026-cı ildə Karac şəhərində İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Karac Mərkəzi Həbsxanasına göndərilib.
İranda yanvar etirazları
İranda etiraz və tətillər 2025-ci il dekabrın 28-də Tehranda mağaza və bazar tacirlərinin aksiyaları ilə başlayıb. Sonrakı iki gün ərzində aksiyalar bazar və ticarət mərkəzlərindən kənara yayılıb.
Tələbələr, vətəndaşlar və müxtəlif sosial qrupların qoşulması ilə etirazlar son illərin ən genişmiqyaslı aksiyalarından birinə çevrilib. Təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin müdaxiləsindən sonra minlərlə insanın öldürüldüyü və ya yaralandığı, on minlərlə şəxsin isə saxlanıldığı və ya təhlükəsizlik orqanlarına çağırıldığı bildirilir.
HRANA 2025–2026-cı illərdə İranda keçirilən ümumölkə etirazlarının ilk 50 gününü əhatə edən geniş hesabat yayıb.