İranda 10 məhbus edam edilib
HRANA-nın məlumatına görə, İranda müxtəlif həbsxanalarda qətl və narkotiklə bağlı ittihamlar üzrə ölüm cəzasına məhkum edilmiş azı 10 məhbus edam olunub.
Məlumata əsasən, edamlar Borucerd, Məşhəd, Kərəc, Semnan və İsfahan şəhərlərindəki həbsxanalarda həyata keçirilib.
Edam olunanlar arasında Səccad Şirzadi, Fərşad Səfəri, Mahmud Tələbi, Seyid Hüseyn Həsəri, Lütfullah Əhmədvənd, Fərəmarz Bağbani, Hamed Emami və Məhəmməd Əli Kəffaşi də var.
Bildirilir ki, bəzi hallarda məhbusların ailələrinə əvvəlcədən məlumat verilməyib və onların sonuncu dəfə ailə üzvləri ilə görüşməsinə imkan yaradılmayıb.
HRANA-nın məlumatına görə, İsfahandakı Dəstgird həbsxanasında avqustun 19-da beş məhbus edam edilib. Onların arasında narkotiklə bağlı ittiham üzrə ölüm cəzasına məhkum edilmiş Lütfullah Əhmədvənd də olub.
Bundan başqa, avqustun 24-də İsfahandakı həbsxanalardan birində Saleh Zeydabadi və onun 31 yaşlı qardaşı oğlu Merat Zeydabadi də edam olunub. Onların 2021-ci ildə narkotiklə bağlı ittihamlarla saxlanıldığı və ölüm cəzasına məhkum edildiyi bildirilir.
Məlumatda qeyd olunur ki, sözügedən edamların heç biri ilə bağlı İranın həbsxana və ya digər rəsmi qurumları tərəfindən açıqlama verilməyib.
