Türkiyə ordusu “Bayraktar Kalkan” PUA-sını silahlanmaya qəbul edib
Türkiyə Silahlı Qüvvələri “Baykar” şirkəti tərəfindən hazırlanmış yeni “Bayraktar Kalkan” pilotsuz uçuş aparatını (PUA) silahlanmaya qəbul edib. Bu barədə yerli KİV məlumat yayıb.
“Bayraktar Kalkan” şaquli qalxma və enmə imkanına malik PUA-dır. Bu xüsusiyyət ona ənənəvi uçuş-enmə zolağına ehtiyac olmadan, məhdud ərazilərdən istifadə etməyə imkan verir.
PUA-nın qanad açıqlığı 5 metrə, maksimal uçuş çəkisi isə 78 kiloqrama çatır. Faydalı yükü 3 kiloqram olan aparat havada 6 saata qədər qala və bu müddət ərzində 500 kilometrədək məsafə qət edə bilir.
Məlumata görə, “Bayraktar Kalkan”ın yerüstü idarəetmə məntəqəsi ilə əlaqə məsafəsi 70 kilometri ötür.
PUA-nın standart uçuş hündürlüyü təxminən 2 kilometr təşkil edir. Zərurət yarandıqda isə aparat 3 kilometrədək yüksəklikdə uça bilir.
