Rusiya mediası İlham Əliyevin Özbəkistan səfərindən yazdı: Bakı-Daşkənd əməkdaşlığında yeni mərhələ
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Rusiya mediasında geniş rezonans doğurub. Rusiyanın aparıcı informasiya agentlikləri və nəşrləri səfərin nəticələrini Bakı ilə Daşkənd arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi kontekstində təqdim edib. Xüsusilə imzalanan Əbədi dostluq haqqında Müqavilə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, yeni investisiya layihələri və nəqliyyat marşrutlarının inkişafı diqqət mərkəzində olub.
TASS Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanmasını səfərin əsas nəticələrindən biri kimi önə çəkib. Agentlik iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması proqramının, eləcə də turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı sazişlərin imzalandığını qeyd edib.
“İnterfaks” Azərbaycan və Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın üçüncü iclasının nəticələrinə geniş yer ayırıb. Agentliyin materiallarında tərəflərin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da dərinləşdirmək, sənaye kooperasiyasını genişləndirmək və birgə investisiya şirkətinin imkanlarından daha fəal istifadə etmək niyyətində olduğu vurğulanır.
Nəqliyyat sahəsində əməkdaşlıq da Rusiya mediasının xüsusi diqqət yetirdiyi istiqamətlərdən olub. “İnterfaks” Şavkat Mirziyoyevin Xəzər dənizində vahid operatorun fəaliyyət göstərəcəyi Azərbaycan-Özbəkistan nəqliyyat dəhlizinin yaradılmasında Daşkəndin maraqlı olduğunu açıqlamasını yayıb. Agentlik həmçinin Orta Dəhlizin inkişafı çərçivəsində birgə donanmanın fəaliyyətə başlamasının sürətləndirilməsi ilə bağlı fikirlərə diqqət çəkib.
“Vedomosti” isə Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini yazıb. Nəşr son beş ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfə artmasını xüsusi qeyd edib. Energetika, kimya və hasilat sənayesi, tekstil, kənd təsərrüfatı və şəhərsalma sahələrində reallaşdırılan birgə layihələr də materiallarda ön plana çıxarılıb.
Rusiya mətbuatının diqqətindən səfər çərçivəsində bank-maliyyə, neft-qaz, təhsil, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı üzrə yeni əməkdaşlıq layihələri də yayınmayıb. Bildirilir ki, tərəflər iqtisadi münasibətləri yalnız ticarətlə məhdudlaşdırmamaq, müxtəlif sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı layihələrin sayını artırmaq niyyətindədirlər.
Rusiya nəşrləri Azərbaycan Prezidentinin nəqliyyat-kommunikasiya layihələri ilə bağlı açıqlamalarına da geniş yer verib. Xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının təmin olunması istiqamətində görülən işlər, Zəngəzur dəhlizi və Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilməsi perspektivləri ilə bağlı fikirlər diqqət çəkib.
Səfər zamanı Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltif olunması mərasimi də Rusiya mediasında işıqlandırılıb. Prezident İlham Əliyevin Özbəkistanın ali dövlət mükafatı olan yüksək dərəcəli “Oliy Darajali Dustlik” ordeni ilə, Prezident Şavkat Mirziyoyevin isə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi təqdim olunub.
Rusiya mediası həmçinin Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakını xüsusi vurğulayıb. Nəşrlər Prezident İlham Əliyevin Özbəkistanın Qarabağın dirçəldilməsinə ilk dəstək verən ölkələrdən biri olduğunu bildirməsi, Füzulidə 960 şagird yerlik məktəbin inşası və iri tikiş istehsalı layihəsinə investisiya yatırılması barədə açıqlamalarını yayıb.
Ümumilikdə, Rusiya mediasının səfərlə bağlı materiallarında Azərbaycan-Özbəkistan münasibətlərinin siyasi müttəfiqlikdən iqtisadi, nəqliyyat, enerji və humanitar sahələri əhatə edən çoxşaxəli tərəfdaşlığa doğru inkişaf etdiyi vurğulanır. İmzalanan sənədlər və müzakirə olunan yeni layihələr isə Bakı ilə Daşkənd arasında əməkdaşlığın növbəti mərhələyə keçdiyini göstərir.
Sosial şəbəkələrdə paylaş




