Azərbaycan Sülh Şurasına Təsisçi Üzv Dövlət kimi qoşulur

Yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp beynəlxalq sülh və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Sülh Şurası” adlı yeni beynəlxalq təşkilatın yaradılması barədə qərarını elan edib. ABŞ tərəfi bu təşəbbüs çərçivəsində Azərbaycan Respublikasını Sülh Şurasına Təsisçi Üzv Dövlət olmağa dəvət edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Qeyd olunub ki, ölkəmizin təşkilata üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və müəyyən olunmuş prosedurlar çərçivəsində müvafiq addımlar atılacaq.
Bildirilib ki, Azərbaycanın bu təşəbbüsə qoşulması ölkəmizin beynəlxalq səviyyədə sülhün, sabitliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi ardıcıl töhfələrin davamıdır. Azərbaycan regional və qlobal miqyasda sülh gündəliyinin irəlilədilməsi, dialoq və qarşılıqlı etimadın təşviqi istiqamətində fəal mövqeyini bir daha nümayiş etdirir.
Azərbaycan Respublikası bundan sonra da beynəlxalq platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi naminə səylərini davam etdirəcək.
Urbaninfo.az