Krivoy Roqda ticarət mərkəzinə dron hücumunda ölənlərin sayı 16-ya çatıb
Dnepropetrovsk vilayətində matəm günü elan edilib.
BBC tərəfindən təsdiqlənən dramatik görüntülərdə ikinci pilotsuz uçuş aparatının (PUA) Ukrayna Prezidenti Volodimir Zelenskinin doğma şəhəri olan Krivoy Roqda artıq yanmaqda olan ticarət mərkəzinə zərbə endirməsi əks olunub. Rusiyanın hərbi qüvvələri hadisə ilə bağlı şərh verməyib.
Vilkul bildirib ki, dronlar “son dərəcə aşağı hündürlükdə” uçub və hücum edənləri “heyvanlar” adlandırıb.
Rəsmilər Ukrayna hərbi qüvvələrinin PUA-ların qarşısının alınmasında 90 faizlik effektivliyə malik olduğunu bildirməsinə baxmayaraq, cümə günü ticarət mərkəzinə edilən hücumların niyə hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilmədiyini açıqlamayıb.
Ukraynanın ballistik raketləri ələ keçirmə göstəricisi isə xeyli aşağıdır. Müdafiə Nazirliyinin iyun ayında açıqladığı məlumata görə, bu göstərici təxminən 40 faizdir. Kiyev dəfələrlə ABŞ istehsalı olan “Patriot” raketlərinin ehtiyatının azaldığını bildirib. Bu sistemlər ballistik raketlərə qarşı ən effektiv vasitələrdən hesab olunur.
Ukraynada xilasedicilər cümə günü Rusiyanın hücumu nəticəsində dağılan böyük ticarət mərkəzinin dağıntıları altında sağ qalanların axtarışını davam etdirirlər.
Krivoy Roqda insanların sıx olduğu ticarət mərkəzinə qısa müddət ərzində ardıcıl olaraq iki dronun zərbə endirməsi nəticəsində 16 nəfər həlak olub, 130 nəfər yaralanıb. Dörd nəfərin taleyi isə hələ məlum deyil. Axtarış-xilasetmə əməliyyatının daha iki gün davam edə biləcəyi bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski “kinik və alçaq” adlandırdığı hücumu pisləyib. O bildirib ki, ikinci dron zərbəsi hadisə yerində çalışan xilasediciləri hədəfə alıb.
Tərəflər gecə saatlarında da qarşılıqlı zərbələr endirib. Ukraynanın hücumları nəticəsində Rusiyada, o cümlədən iki uşağın da daxil olduğu ən azı dörd nəfərin öldüyü bildirilib. Kiyev isə Rusiya zərbələri nəticəsində üç nəfərin öldüyünü açıqlayıb.
Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Hanja bildirib ki, cümə günü baş verən hücum nəticəsində ölənlərin sayı gecə saatlarında dağıntılar altından daha bir şəxsin meyitinin çıxarılmasından sonra 16-ya yüksəlib.
“Biz axtarış-xilasetmə əməliyyatını sürətləndirmək üçün əlimizdən gələn hər şeyi edirik”, – deyə Hanja şənbə günü səhər Ukrayna televiziyasına bildirib.
O əlavə edib ki, dağıntıların miqyasının böyük olması və yeni Rusiya hücumları təhlükəsinin davam etməsi səbəbindən işlər daha iki gün davam edə bilər.
Cümə günü axşam sağ qalanların axtarışına kömək etmək üçün Ukraynanın daha yeddi vilayətindən xilasedici qruplar təcili olaraq Krivoy Roqa göndərilib.
Təxminən 9 min kvadratmetr ərazini əhatə edən böyük yanğın söndürülüb.
Hanja şənbə günü verdiyi son məlumatda bildirib ki, aralarında 14 uşağın da olduğu 52 yaralı hazırda şəhər xəstəxanalarında müalicə olunur.
Krivoy Roqun hərbi rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, artıq onlarla yaralı üzərində cərrahiyyə əməliyyatı aparılıb.
