Prezident İlham Əliyevin sülh təşəbbüsləri beynəlxalq miqyasda yüksək qiymətləndirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı ölkəmizdə səfərdə olan nüfuzlu beynəlxalq nümayəndə heyətini qəbul edib. Görüşdə Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, mükafatın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki iştirak ediblər.
Urbaninfo.az AzərTac-a istinadla xəbər verir ki, qonaqlar Azərbaycan Prezidentinə göstərilən qəbula görə təşəkkür edərək, 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim ediləcəyini bildiriblər. Qeyd olunub ki, mükafatın təntənəli təqdimat mərasimi fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək və dövlətimizin başçısı həmin tədbirə fəxri qonaq qismində dəvət olunub.
Vurğulanıb ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və bəşəri dəyərlərini təşviq edir və sülh, barışıq, dinlərarası dialoq ideyalarına xidmət edir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın regionda sülhün bərqərar olunması istiqamətində atdığı ardıcıl və prinsipial addımlara verdiyi yüksək qiymətin təzahürü kimi dəyərləndirilib.
Münsiflər heyətinin üzvləri bildiriblər ki, dünya üzrə mövcud sülh modellərinin araşdırılması nəticəsində Azərbaycan–Ermənistan sülh prosesi münaqişə və müharibədən əziyyət çəkən digər regionlar üçün nümunəvi model kimi qiymətləndirilib. Onların fikrincə, Prezident İlham Əliyevin siyasi iradəsi və liderliyi bu prosesin əsas hərəkətverici qüvvəsidir.
Prezident İlham Əliyev göstərilən yüksək qiymətə görə münsiflər heyətinə minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan işğal dövründə üzləşdiyi ağır itkilərə və əzab-əziyyətlərə baxmayaraq, dayanıqlı və dönməz sülhün təmin olunması üçün qətiyyətli mövqe nümayiş etdirib. Dövlətimizin başçısı sülh sazişinin məhz Azərbaycan tərəfindən hazırlanaraq qarşı tərəfə təqdim edildiyini və bu istiqamətdə səylərin davam etdiriləcəyini qeyd edib.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, sülh təkcə təhlükəsizlik deyil, eyni zamanda iqtisadi inkişaf, rifah və regional əməkdaşlıq üçün geniş imkanlar açır. Onun sözlərinə görə, artıq sülh gündəliyi praktik müstəviyə keçib və bu proses regionda sabitlik və firavanlıq üçün möhkəm zəmin yaradır.
Görüş zamanı, həmçinin, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təsisçisi olan mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinin dünyada böyük hörmətlə yad edildiyi vurğulanıb. Prezident İlham Əliyev mükafata layiq görülməsini həm də Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında mövcud qardaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirib.
Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.