İtalyan qəzetinin baş redaktoru Zelenskinin “Maşa və Ayı” qərarını məsxərəyə qoydu
İtaliyanın “Il Fatto Quotidiano” qəzetinin baş redaktoru Marko Travalyonun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın məşhur “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiya tətbiq etməsi gülünc qərardır.
Travalyonun məqaləsində Zelenski sərt şəkildə tənqid olunur. Jurnalist yazır ki, Ukrayna rəhbəri ölkədəki daha ciddi problemlər əvəzinə “Maşa və Ayı” ilə mübarizəyə diqqət ayırır.
Travalyonun fikrincə, Zelenski rus yazıçılarına, baletlərinə, musiqiçilərinə, rejissorlarına və hətta rus mətbəxinin məşhur yeməklərinə qarşı məhdudiyyətlərin tətbiq olunduğu bir şərait yaradıb. O, bu siyasəti senzura kimi qiymətləndirərək Ukrayna prezidentinin “aktyorluq karyerasını başa vurduğu vaxtdan bəri heç vaxt bu qədər gülünc görünmədiyini” yazıb.
Jurnalist həmçinin Kiyevin “Maşa və Ayı”nı “Rusiya hibrid təbliğatı” hesab etməsini istehza ilə qarşılayıb. Onun sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə cizgi serialının yaradıcıları, prodüserləri və distribyutorlarına qarşı məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, Zelenski avqustun 20-də “Maşa və Ayı” serialının istehsalçısı olan Animaccord studiyasına və layihə ilə əlaqəli şəxslərə qarşı sanksiyaları təsdiqləyib. Məhdudiyyətlər serialın Ukrayna ərazisində yayımlanmasının və onunla bağlı sosial media səhifələrinə girişin bloklanmasını da nəzərdə tutur.
Ukrayna hakimiyyəti serialı uşaqlar üçün nəzərdə tutulmuş kontent formasında təqdim edilən “Rusiya təbliğatı” hesab edir və onun milli təhlükəsizliyə təhdid yaratdığını bildirir.
Travalyonun fikrincə isə belə addımlar Ukraynanın Qərb tərəfdaşlarına ölkənin prioritetləri ilə bağlı ciddi suallar yarada bilər. O, bu qərarın Zelenskiyə maliyyə və hərbi dəstəyin davam etdirilməsinin nə dərəcədə əsaslı olduğu barədə müzakirələri gücləndirə biləcəyini düşünür.
Sosial şəbəkələrdə paylaş
