İranda Ərgəvan Fəllahinin ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib
İranda siyasi məhbus Ərgəvan Fəllahi barəsində çıxarılmış ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib.
Bu barədə İranda İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Məlumata görə, Fəllahi bu ilin iyulunda Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbolqasem Salavati tərəfindən “baği” – silahlı üsyan ittihamı ilə ölüm cəzasına məhkum edilib.
2025-ci ilin iyununda İsrailin Evin həbsxanasına hücumundan sonra Fəllahi əvvəlcə Böyük Tehran həbsxanasına, daha sonra isə Vəramin şəhərindəki Qərçək həbsxanasına köçürülüb. Sonradan yenidən Evin həbsxanasına qaytarılıb.
HRANA-nın məlumatına görə, Fəllahi həbsindən sonra bir müddət Evin həbsxanasının 209 və 241-ci bölmələrində, Ədliyyənin Kəşfiyyat Mühafizəsi Təşkilatının nəzarəti altında saxlanılıb. Məlumatlı mənbə onun bu müddətdə ağır psixoloji təzyiqlərə məruz qaldığını və iki hakimin – Məhəmməd Moqisseh və Əli Razininin öldürülməsi ilə bağlı ondan məcburi etiraf almağa cəhd göstərildiyini bildirib.
Ərgəvan Fəllahi 2025-ci ilin yanvar ayının sonunda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Evin həbsxanasının İran Kəşfiyyat Nazirliyinin nəzarətində olan 209-cu bölməsinə aparılıb.
O, bundan əvvəl də 2022-ci ilin noyabrında atası ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və Evin həbsxanasına köçürülüb. Daha sonra Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinin hakimi İman Əfşarinin qərarı ilə “toplaşma və əlbir olma” və “rejim əleyhinə təbliğat” ittihamları üzrə iki il müddətinə azadlıqdan məhrum edilib.
Fəllahi cəzasını çəkdikdən sonra Evin həbsxanasından azadlığa buraxılıb.
