Rusiya hökuməti “Şeremetyevo” hava limanında “qızıl səhm”dən istifadə qərarı verdi
Rusiya hökuməti “Şeremetyevo” Beynəlxalq Hava Limanının idarə edilməsində dövlətin xüsusi hüququndan – “qızıl səhm” mexanizmindən istifadə etmək qərarına gəlib.
Rusiya Baş naziri Mixail Mişustin bununla bağlı sərəncamı avqustun 18-də imzalayıb.
Qərar Rusiya Prezidenti Vladimir Putinin avqustun əvvəlində imzaladığı fərmandan sonra qəbul edilib. Həmin fərmanla “Şeremetyevo” strateji müəssisələr siyahısından çıxarılıb və onun özəlləşdirilməsinə imkan yaradılıb.
Hava limanının səhmlərinin dövlət mülkiyyətindən özəl mülkiyyətə keçirilməsi üçün “Şeremetyevo”nun federal əmlakın özəlləşdirilməsi üzrə proqnoz planına daxil edilməsi tələb olunur.
“Qızıl səhm” dövlətə səhmdar cəmiyyətinin mühüm qərarlarının qarşısını almaq üçün xüsusi hüquq verir. Bu səhm adi investorlar üçün birjada satılmır və strateji və milli maraqların qorunması məqsədi daşıyır.
