İran müdafiə sənayesini müharibələrin təcrübəsi əsasında yeniləyəcək
İran yaxın vaxtlarda baş vermiş müharibələrdən əldə etdiyi təcrübədən istifadə edərək müdafiə sənayesini bərpa etməklə yanaşı, onu davamlı şəkildə modernləşdirməyi planlaşdırır.
İran Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ölkənin müdafiə sənayesinin ən qısa müddətdə bərpası və son müharibələrin nəticələri nəzərə alınmaqla daim təkmilləşdirilməsi zəruridir.
Nazirlik vurğulayıb ki, tətbiq olunan təzyiqlər və sanksiyalar İranın daxili imkanlara söykənməsinin vacibliyini daha da artırıb. Son müharibələr isə ölkənin müdafiə imkanlarının sınaqdan keçirildiyi real meydan kimi qiymətləndirilib.
Məlumata görə, illər ərzində hazırlanmış yerli hərbi texnologiyalar qarşı tərəfin bir sıra plan və hədəflərinin qarşısının alınmasına imkan verib.
İran Müdafiə Nazirliyi qeyd edib ki, son müharibələr yalnız qarşıdurma meydanı deyil, həm də ölkənin öz imkanlarını daha dəqiq qiymətləndirməsi, yeni ehtiyacları müəyyənləşdirməsi və gələcək inkişaf istiqamətlərini formalaşdırması üçün imkan yaradıb.
Nazirlik həmçinin “müdafiə sənayesində inqilab” konsepsiyasını təqdim edib. Konsepsiya müdafiənin təmin edilməsində milli iştirak modelinə, layihələndirmə və istehsala yeni yanaşmalara, elmi biliklərin daha sürətli şəkildə real müdafiə imkanlarına çevrilməsinə əsaslanacaq.
