Davos görüşünün mesajı: Azərbaycanda istehsaldan ixraca doğru yeni mərhələ

Prezident İlham Əliyevin Davosda “Carlsberg Group”un Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşü Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi strategiyanın praktik nəticələrini aydın şəkildə ortaya qoyur. Bu görüş təkcə beynəlxalq bizneslə növbəti təmas deyil, eyni zamanda ölkənin sənaye siyasətində keyfiyyətcə yeni mərhələnin göstəricisidir.
Müzakirələr zamanı tam yerli xammal əsasında istehsal olunan məhsulların payının artırılması xüsusi vurğulandı. İmişlidə pivə istehsalının əsas xammalı olan arpanın emalı müəssisəsinin fəaliyyəti Azərbaycanın aqrar sektorunun sənaye ilə uğurlu inteqrasiyasının real nümunəsidir. Bu yanaşma yalnız idxaldan asılılığı azaltmır, həm də regionlarda əlavə dəyər yaradan istehsal zəncirinin formalaşmasına xidmət edir.
Gələcəkdə qablaşdırma materiallarının da tam lokallaşdırılması planı isə istehsal prosesinin bütün mərhələlərində yerli potensialdan istifadəni hədəfləyən düşünülmüş iqtisadi xəttin davamı kimi qiymətləndirilə bilər. Bu, həm logistika xərclərinin azalması, həm də yeni istehsal sahələrinin yaranması baxımından mühüm əhəmiyyət daşıyır.
“Carlsberg Group”un rəhbərinin 2025-ci ildə Azərbaycanda istehsal olunan məhsulların ixracının əhəmiyyətli dərəcədə artdığını qeyd etməsi ölkənin regional istehsal və ixrac mərkəzinə çevrilmək məqsədinə doğru atılan addımların artıq konkret nəticələr verdiyini göstərir. Yerli istehsalın beynəlxalq bazarlara çıxışı Azərbaycanın qeyri-neft ixracının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Görüş zamanı xarici investorlar üçün yaradılmış əlverişli biznes mühitinə verilən müsbət qiymət isə təsadüfi deyil. Sabit siyasi mühit, proqnozlaşdırıla bilən iqtisadi siyasət və dövlət–özəl sektor əməkdaşlığı Azərbaycanın beynəlxalq investisiya xəritəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Bu baxımdan Davosda keçirilən görüş Azərbaycanın yalnız investisiya cəlbediciliyini deyil, həm də yerli istehsal, ixrac və sənayeləşmə sahəsində ardıcıl və uzunmüddətli strateji hədəflərə malik olduğunu bir daha təsdiqləyir.