İsrail və ABŞ süni intellekt üzrə strateji əməkdaşlıqda yeni mərhələ açdı

İsrail süni intellekt sahəsində strateji tərəfdaşlığa dair ABŞ ilə birgə bəyannamə imzalayan ilk ölkə kimi tarixə düşüb.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi açıqlama yayıb.
Sənədin imzalanması Qüdsdə yerləşən “Davud şəhəri”ndə keçirilən rəsmi mərasim zamanı baş tutub. Tədbirdə İsrailin xarici işlər naziri Gideon Saar, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi və digər rəsmi şəxslər iştirak ediblər.
Razılaşmaya əsasən, tərəflər süni intellekt, enerji texnologiyaları, qabaqcıl hesablama infrastrukturu, kosmos və digər strateji istiqamətlər üzrə birgə tədqiqatların aparılması, investisiyaların artırılması və kommersiyalaşdırma imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığı dərinləşdirəcək. Sənəddə eyni zamanda həssas texnologiyaların mühafizəsi və etibarlı təchizat zəncirlərinin formalaşdırılması məsələlərinə xüsusi önəm verilir.
Bildirilib ki, bu razılaşma ABŞ-nin təşəbbüsü ilə irəli sürülən və ötən ay İsrailin də qoşulduğu “Pax Silica” platformasının praktik icrasının davamı kimi qiymətləndirilir.
Qeyd edək ki, sözügedən qlobal təşəbbüs süni intellekt dövründə iqtisadi təhlükəsizliyin təmin olunması məqsədilə Yaponiya, Cənubi Koreya, Sinqapur, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi qabaqcıl texnoloji ölkələr arasında təchizat zəncirləri və kritik minerallara çıxış sahəsində əməkdaşlığı nəzərdə tutur.
Urbaninfo.az