İran və ABŞ memorandumunda Livanla bağlı müddəalar müzakirə edildi: Araqçi Beyrut rəhbərliyi ilə danışdı
Araqçi İranın Livana qarşı müharibənin və hərbi təcavüzün dayandırılmasına sadiq olduğunu vurğulayıb. O bildirib ki, memorandumun müddəalarının düzgün icrasına görə əsas məsuliyyət ABŞ-ın üzərinə düşür və İsrailin Livana qarşı hücumlarının tamamilə dayandırılması zəruridir.
Livan Prezidenti Cozef Aun və parlament sədri Nəbi Berri isə memorandumun müddəalarını alqışladıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, Livanın sabitliyi və təhlükəsizliyi Yaxın Şərqdə uzunmüddətli sabitliyin təmin olunmasının ayrılmaz hissəsidir.
Livan rəsmiləri həmçinin memorandumda Livana qarşı müharibənin dayandırılması ilə bağlı müddəaların yer almasını yüksək qiymətləndiriblər.
İran və ABŞ arasında memorandum Pakistanın vasitəçiliyi, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin dəstəyi ilə aparılan bir neçə həftəlik dolayı danışıqlardan sonra əldə olunub.
Danışıqlarda iştirak edən rəsmilərin sözlərinə görə, sənəd bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını nəzərdə tutur. Memorandumun iyunun 19-da İsveçrədə rəsmi şəkildə imzalanması planlaşdırılır.
İran rəsmiləri bildiriblər ki, memorandum daha geniş siyasi razılaşmaya zəmin yaratmaq məqsədi daşıyır və gələcək danışıqlar yalnız qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən sonra davam etdiriləcək. Razılaşdırılmış çərçivəyə əsasən, memorandum imzalandıqdan sonra yekun sazişin hazırlanması üçün 60 günlük danışıqlar mərhələsi başlanacaq. Sənədin son dəyişikliklərinə Hörmüz boğazının idarə olunması, eləcə də Livanın suverenliyi və ərazi bütövlüyünə təminatlarla bağlı müddəalar da daxil edilib.
