Ukraynada Timoşenkonu “ifşa edən” şəxsin kimliyi açıqlanıb

Ukraynanın “Strana.ua” nəşrinin yaydığı məlumata görə, hakim “Xalqın Xidmətçisi” partiyasından olan deputat Sergey Kuzminıx “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkoya aid kompromat xarakterli danışıqları Ukraynanın Milli Antikorrupsiya Bürosuna (NABU) ötürüb.
Məlumatda bildirilir ki, 2022-ci ildə özü də korrupsiya işi üzrə istintaqa cəlb olunmuş Kuzminıx Timoşenkonun danışıqlarını gizli şəkildə yazaraq hüquq-mühafizə orqanlarına təqdim edib. Parlamentdəki mənbələrin iddiasına görə, o, NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən agent-provokator kimi cəlb olunub.
Deputatların fikrincə, Kuzminıxın vəzifəsi həmkarlarına korrupsiya sxemlərində iştirak təklif etmək, razılıq verən şəxslər barəsində isə sonradan cinayət işlərinin açılmasına zəmin yaratmaq olub. Mənbələr bildirir ki, 2025-ci ildən etibarən Ali Radada onun antikorrupsiya qurumları ilə əməkdaşlığı ilə bağlı aktiv müzakirələr aparılır.
Nəşrin yazdığına görə, NABU-nun istintaqına daha əvvəl cəlb olunmuş digər deputatların da agent-provokator kimi istifadə edilməsi ehtimalı istisna edilmir.
Yanvarın 14-də Ukrayna hüquq-mühafizə orqanları Yuliya Timoşenkonun evində axtarışlar aparıb. KİV-in məlumatına əsasən, ona deputatların rüşvətlə ələ alınması ittihamı irəli sürülüb və bu maddə üzrə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. İşin Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun vəzifədən uzaqlaşdırılması ilə bağlı ola biləcəyi bildirilir.
Yuliya Timoşenko isə irəli sürülən ittihamları rədd edir və axtarışları “seçkilərin gözləniləndən daha yaxın olmasının göstəricisi” kimi qiymətləndirir.
Urbaninfo.az