NATO generalı: “Rusiya və Çin Qərbdəki parçalanmadan məmnundur”

NATO-nun Avropadakı keçmiş ali baş komandanı general Filip Bridlav bildirib ki, ABŞ ilə Avropa arasında NATO daxilində yaranan fikir ayrılığı Rusiya və Çini sevindirir.
Onun sözlərinə görə, NATO əvvəlcə Rusiyaya qarşı müdafiə məqsədilə yaradılıb və təhlükə hələ də dəyişməyib. Bridlav hesab edir ki, Avropa və ABŞ vahid mövqedən çıxış etsə, bu həm Rusiyaya, həm Çinə, həm də İrana Qərbin birliyini göstərər.
General deyib ki, Çin parçalanmış Qərbi görüb bundan çox razıdır. O əlavə edib ki, Vladimir Putin uzun illərdir ABŞ-ni NATO-dan uzaqlaşdırmağa çalışır və hazırkı vəziyyət onun üçün böyük hədiyyədir. Bridlav vurğulayıb ki, Qərbin düşmənləri NATO daxilində qarşıdurma görməməlidir.
Bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone də Rusiyanı “bir nömrəli təhdid” adlandırıb və alyansın buna qarşı hərbi imkanlarını gücləndirəcəyini bildirib. O, həmçinin terrorçu qrupları da NATO üçün təhlükə sayıb.