Aİ Kiprin birləşməsi üçün 2026-cı ili hədəfləyir

Avropa İttifaqı Kipr məsələsinin həlli istiqamətində səylərini artırmaq niyyətindədir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Aİ 2026-cı ildə Kiprin yenidən birləşdirilməsi üçün daha fəal addımlar atacaq.
Fon der Lyayenin sözlərinə görə, Avropa İttifaqı üçün Kipr üzrə “hərtərəfli, ədalətli və davamlı nizamlanma” mütləq prioritet hesab olunur. O vurğulayıb ki, Brüssel BMT-nin himayəsi altında aparılan danışıqlar prosesinin real nəticə verməsi üçün əlindən gələni edəcək. Məqsəd cari ildə bu istiqamətdə siyasi dinamikanı bərpa etmək və birləşmiş Kipr ideyasını gündəmdə saxlamaqdır.
Məsələ fonunda Kiprin Avropa inteqrasiyası ilə bağlı planları da diqqət çəkir. Ötən ilin yanvarında Kipr Prezidenti Nikos Hristodulidis ölkənin Şengen zonasına qoşulması üçün bütün texniki məsələlərin həll edilməli olduğunu açıqlamışdı. O xatırladıb ki, hazırda Kipr və İrlandiya Avropa İttifaqına üzv olub Şengen zonasına daxil olmayan yeganə ölkələrdir.
Kipr rəhbərliyi hesab edir ki, Şengen zonasına üzvlük ölkəyə turizm axınının artması və investisiya mühitinin yaxşılaşması baxımından ciddi töhfə verə bilər. Qeyd edək ki, Şengen zonası Avropada 29 dövləti birləşdirən və daxili sərhəd nəzarətinin ləğv olunduğu vahid məkan hesab olunur.
Urbaninfo.az