İran XİN: Dinc etirazlardan silahlı terrorçular istifadə edib

İranda keçirilən dinc etiraz aksiyalarından silahlı terrorçu qruplar sui-istifadə edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə atəş açıblar. Urbaninfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib. Məlumatı TASS yayıb.
Nazirin sözlərinə görə, etirazların arxasında dayanaraq vəziyyəti gərginləşdirməyə çalışan qruplar təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar həyata keçiriblər.
Qeyd edək ki, ötən ilin dekabr ayının sonunda İranda milli valyutanın kəskin dəyərdən düşməsi fonunda kütləvi etirazlar başlayıb. Aksiyalar zamanı təhlükəsizlik tədbirləri gücləndirilib, gözyaşardıcı qazdan və pnevmatik silahlardan istifadə olunub.
Etirazlar ölkənin 25 vilayətində yerləşən 60-dan çox şəhəri əhatə edib. Ən böyük aksiyalar Tehranda keçirilib. Ən sərt toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində — Malekşahi, Kirmanşah və Lordegan şəhərlərində qeydə alınıb.