BMT-Habitat eksperti: Yaşıl memarlıq Azərbaycanda şəhər inkişafının əsas tərkib hissəsinə çevrilir

BMT-Habitatın beynəlxalq şəhər inkişafı eksperti Aleksandr Yaxnov AZƏRTAC-a bildirib ki, yaşıl memarlıq və davamlı şəhərsalma Azərbaycanda şəhərlərin inkişafında getdikcə daha mühüm rol oynayır.
Ekspertin sözlərinə görə, müasir şəhərlər artıq sadəcə binalar və küçələrdən ibarət deyil, onlar texnologiya, iqlim müqaviməti, sosial ədalət və həyat keyfiyyətini birləşdirən kompleks ekosistemlərə çevrilib. Bakının təcrübəsi isə beynəlxalq platformada innovativ həllərin nümayiş etdirilməsi üçün əhəmiyyətli nümunədir.
2026-cı ildə Bakı Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasına ev sahibliyi edəcək. Forumda merlər, ekspertlər, memarlar və vətəndaş cəmiyyəti nümayəndələri şəhərlərin gələcəyini müzakirə edəcək, planlaşdırma və tikintidə texnoloji və ekoloji innovasiyaların həyat keyfiyyəti ilə necə birləşdirilə biləcəyini nümayiş etdirəcək.
Yaxnov qeyd edib ki, son illərdə Bakı və digər böyük şəhərlərdə şəhərsalma yanaşmaları dəyişib: artıq diqqət yalnız estetik binalara deyil, həm də hərəkətlilik, ictimai məkanlar, enerji istehlakı və həyat keyfiyyəti baxımından bütöv şəhər rayonlarının inkişafına yönəlib. Təbiətə əsaslanan həllərin tikinti prosesinə inteqrasiyası şəhərləri ekoloji cəhətdən ağıllı və məsuliyyətli edir.
Ekspert vurğulayıb ki, yaşıl memarlıq Azərbaycanda açıq şəkildə gündəmdədir və enerji səmərəliliyi, iqlimə uyğun dizayn və yüksək ekoloji standartlar ön plandadır. Növbəti addım şəhər ekosistemlərinin aktiv şəkildə bərpası və regenerasiyası olacaq, miselyum kimi biomateriallar isə bu prosesdə xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübələrdən, məsələn, passiv soyutma, effektiv kölgə sistemləri, yaşıl damlar və suya həssas şəhər dizaynı Azərbaycanın iqlim şəraitinə uğurla tətbiq oluna bilər. Rəqəmsal texnologiyalar və “ağıllı şəhər” sistemləri şəhərlərə resursları daha səmərəli idarə etməyə və ətraf mühit məlumatlarına real vaxtda cavab verməyə imkan verir.
Yaxnov, komandasının 2024-cü ildə Qahirədə miselyum pavilyonu nümayiş etdirdiyini xatırladaraq, Bakıda keçiriləcək forum üçün bu material əsasında yeni layihələrin hazırlandığını bildirib. O, bu tədbiri Azərbaycanda davamlı şəhər inkişafının praktik tətbiqini müzakirə etmək və planlaşdırmaq baxımından əhəmiyyətli hesab edir.