Bakı və Abşeronda su və kanalizasiya infrastrukturunun yenilənməsi üzrə yeni Dövlət Proqramı qüvvəyə minib

Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutan 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramını təsdiqləyib.
Urbaninfo.az xəbər verir ki, sənədə əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi və ümumi nəzarət Nazirlər Kabinetinə həvalə olunub. Hökumət proqramın icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə hesabat təqdim edəcək.
Proqram çərçivəsində görüləcək işlərin monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq.
Eyni zamanda, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün zəruri vəsaitin ayrılmasını təmin etməli, həmçinin digər maliyyə mənbələrinin cəlbi istiqamətində müvafiq addımlar atmalıdır.