Alimlər ağciyər xərçənginin müalicəsi üçün yeni yanaşma təklif ediblər

ABŞ-dakı Ohayo Ştat Universiteti alimləri immunoterapiyaya zəif cavab verən bəzi qeyri-kiçikhüceyrəli ağciyər xərçəngi formalarının müalicəsi üçün yeni yanaşma təklif ediblər. Araşdırma göstərib ki, davamlı xərçəng hüceyrələrini qlükoza və yağlardan məhrum etməklə məhv etmək mümkündür. Tədqiqatın nəticələri Science Translational Medicine jurnalında dərc olunub.
Söhbət əsasən ağciyərin yastıhüceyrəli xərçəngi və bəzi adenokarsinomalarından gedir. Bu tip şişlərdə xəstələr üçün effektiv müalicə variantları çox vaxt məhdud olur. Tədqiqatçılar hüceyrədaxili maddələrin emalı və enerji əldə olunmasına cavabdeh olan lizosomların fəaliyyətini bloklayan dərmanların niyə adətən məhdud antitümör təsir göstərdiyini araşdırıblar.
Məlum olub ki, xərçəng hüceyrələri belə terapiyanı “dolana” bilir. Lizosomlar bloklandıqda hüceyrələr qlükoza istehlakını artırır və maddələr mübadiləsini yenidən qurmağa kömək edən SREBP-1 zülalını aktivləşdirir. Bu da onların böyüməsini davam etdirməsinə imkan verir.
Hüceyrələr və heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, bu mexanizmi dayandırmaq mümkündür. Lizosomlara və eyni zamanda qlükoza ilə yağ mübadiləsinə təsir edən kombinə olunmuş yanaşma şişin müdafiə mexanizmini zəiflədir. Nəticədə xərçəng hüceyrələrinin enerji mərkəzləri sayılan mitoxondrilərdə zədələnmələr artır, oksidləşdirici stress güclənir və hüceyrələr məhv olur.
Tədqiqat müəlliflərinin sözlərinə görə, belə kombinə olunmuş strategiya çətin müalicə olunan ağciyər xərçəngi formalarında terapiyanın effektivliyini artırmağa kömək edə bilər. Bu yanaşmada istifadə oluna biləcək bəzi preparatlar — məsələn, Xloroxin və Simvastatin — artıq tibbdə tətbiq olunur, digərləri isə klinik sınaqlardan keçir. Bu isə yeni müalicə üsullarının hazırlanmasını sürətləndirə bilər.