Uşaqlar üçün onkoloji müalicələr icbari tibbi sığortaya daxil ediləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev açıqlayıb ki, yaxın gələcəkdə pediatrik onkoloji xidmətlər Xidmətlər Zərfinə əlavə olunacaq.
Agentlik səhiyyə xidmətlərinin daha geniş əhatəli olmasını və xüsusilə uşaqların tibbi təminatının gücləndirilməsini prioritet hesab edir. Bu təşəbbüs uşaqlar arasında onkoloji xəstəliklərin müalicəsinin daha əlçatan olmasına yönəlib.
Keçən ildən Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-in birgə işçi qrupu bu xidmətlərin sığorta çərçivəsinə daxil edilməsi üzərində çalışır. Hazırlıq mərhələsi xidmətlərin növü, əhatə ediləcək yaş qrupları və diaqnostikadan müalicəyə qədər bütün mərhələləri müəyyən etməyi əhatə edir.
Planlara görə, 2027-ci ildən pediatrik onkoloji xidmətlər icbari tibbi sığorta hesabına kompleks şəkildə təmin ediləcək, daha sonra isə digər yaş qrupları üçün də xidmətlərin sığorta çərçivəsinə daxil edilməsi nəzərdə tutulur.