İcbari tibbi sığorta çərçivəsində koxlear implant xidmətlərinin əhatə dairəsi genişləndirildi

Koxlear implantdan istifadə edən şəxslər üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə olunub. Dəyişikliklər eşitmə məhdudiyyəti olan şəxslərin tibbi təminatının gücləndirilməsinə yönəlib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, yeniliklər koxlear implantın nitq prosessoru ilə bağlı texniki və tibbi dəstəyi əhatə edir. Belə ki, implantdan istifadənin bir ili tamam olduqdan sonra nitq prosessorunun mütəmadi tənzimlənməsi icbari tibbi sığorta hesabına qarşılanacaq. Bu tənzimləmələr eşitmə göstəricilərinin yaxşılaşdırılmasına və reabilitasiya prosesinin səmərəliliyinin artırılmasına imkan verəcək.
Eyni zamanda, uzun müddət istismar olunmuş nitq prosessorlarının daha müasir funksional imkanlara malik yeni modellərlə əvəzlənməsi də sığorta təminatına daxil edilib. Bundan başqa, zəmanət müddəti bitmiş və texniki baxımdan yararsız vəziyyətə düşmüş nitq prosessorlarının yenisi ilə dəyişdirilməsi də mümkün olacaq.
Qeyd edək ki, qəbul edilən qərarlar koxlear implant istifadəçilərinin uzunmüddətli tibbi müşayiətinin təmin olunmasına, onların gündəlik ünsiyyət imkanlarının və sosial fəallığının artırılmasına xidmət edir.