2026-cı ildə icbari tibbi sığortanın Xidmətlər Zərfi genişləndiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, 2026-cı ildə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin əhatə dairəsi genişləndiriləcək. Dəyişikliklər travmatologiya, neyrocərrahiyyə, oftalmologiya və kardiologiya sahələrini əhatə edəcək.
Travmatologiya üzrə tibbi göstəriş olduqda revizion protezləmə, neyrocərrahiyyədə mərkəzi və periferik sinir sistemi ilə bağlı diaqnostik və cərrahi xidmətlər, oftalmologiyada görmənin bərpasına yönəlmiş müasir üsullar, kardiologiyada isə minimal invaziv və yüksək texnoloji müdaxilələrin sayının artırılması nəzərdə tutulur.
Bundan əlavə, 2026-cı ildən resept əsasında yazılan ambulator dərmanların qarşılanması genişləndiriləcək. İlkin mərhələdə ürək-damar xəstəliklərinin əsas risk amillərindən olan hipertenziyanın müalicəsində istifadə edilən antihipertenziv dərmanların icbari tibbi sığorta hesabına verilməsi planlaşdırılır. Ümumilikdə 28 təsiredici maddəni əhatə edən 76 dərman vasitəsinin təmin olunması nəzərdə tutulur.