Yuxu apnesinə qarşı yeni həbin sınaqları ümidverici nəticələr göstərib
Alimlər yuxu zamanı tənəffüsün dəfələrlə dayanmasına səbəb olan təhlükəli vəziyyət — obstruktiv yuxu apnesinə qarşı yeni bir həbi sınaqdan keçiriblər. Üçüncü faza klinik sınaqlarında preparat tənəffüs dayanması epizodlarının sayını təxminən 44% azaldıb. Tədqiqat American Journal of Respiratory and Critical Care Medicine (AJRCCM) jurnalında dərc olunub.
Obstruktiv yuxu apnesi zamanı insan yuxuya getdikdə udlaq əzələləri boşalır və tənəffüs yollarını bağlayır. Nəticədə gecə ərzində onlarla dəfə nəfəs alma dayanır. Bu isə yuxu keyfiyyətinin pisləşməsinə, yüksək qan təzyiqinə, infarkt və digər xəstəliklərin riskinin artmasına səbəb ola bilər.
Əsas müalicə üsullarından biri maska vasitəsilə hava verən CPAP aparatıdır. Lakin bir çox pasiyent bu müalicəyə uyğunlaşa bilmir və nəticədə müalicədən imtina edir.
Pittsburq Universitetinin Tibb Mərkəzindən Patrik Strollonun rəhbərlik etdiyi tədqiqatçılar gündə bir dəfə tablet şəklində qəbul edilən AD109 preparatını sınaqdan keçiriblər. Tədqiqatda ABŞ və Kanadada 69 mərkəzdə 646 yetkin insan iştirak edib.
Preparat iki təsiredici maddəni — aroksibutinin və atomoksetini birləşdirir. Bu maddələrin udlaq əzələlərinin tonusunu artıraraq yuxu zamanı tənəffüs yollarının çökməsinin qarşısını alması nəzərdə tutulur.
Sınağın nəticələrinə görə, apne indeksi — bir saat ərzində baş verən nəfəs dayanması epizodlarının sayı — AD109 qəbul edənlərdə orta hesabla 44%, plasebo qrupunda isə 18% azalıb. Pasiyentlərin 40%-dən çoxunda xəstəlik daha yüngül formaya keçib, 18%-də isə vəziyyətə tam nəzarət əldə olunub.
Preparat əsasən CPAP terapiyasından istifadə edə bilməyən insanlar üçün nəzərdə tutulur və yuxu apnesinin müalicəsində mühüm boşluğu doldura bilər. Bununla belə, preparat hər kəs üçün uyğun deyil və həkim nəzarəti tələb edir.
Qeyd: Bu nəticələr preparatın artıq hər kəs üçün əlçatan və təsdiqlənmiş müalicə olduğu anlamına gəlmir. Onun təhlükəsizliyi, yan təsirləri və istifadəyə icazəsi ayrıca qiymətləndirilməlidir.
